Səmərəlilik Fokuslu İqtisadiyat

Səmərəlilik Fokuslu İqtisadiyat - Post Image

SƏMƏRƏLİLİK FOKUSLU İQTİSADİYAT

Dünya İqtisadi Forumu (DİF) hazırladığı qlobal rəqabətlilik indeksi ilə dünya ölkələrinin iqtisadi rəqabətlilik sıralamasını aparır.

Sıralama Alıcılıq Qabiliyyəti Pariteti`nə (AQP) köklənmiş adambaşına Ümumi Daxili Məhsul (ÜDM) göstəricisini əsas alan vahid qiymətləndirmə sistemi tətbiq edilməklə aparılır. Milli iqtisadiyyatların rəqabətliliyini qiymətləndirmədə qarşılıqlı təsirə malik və bir-birlərini dəstəkləyib tamamlayan 12 faktor fərqləndirilir. Öz növbəsində, həmin bu 12 faktor da 3 fərqli qrupa daxil edilir və “rəqabət faktorları”nı meydana gətirir. Hər bir faktor bütün iqtisadiyyatlar üçün bu vəya digər nisbətdə önəmlidir. Vacib məntiq ondan ibarətdir ki, həmin bu “rəqabət faktorları”nın önəm dərəcəsi ölkələrin aid edildiyi iqtisadi inkişaf mərhələsinə görə dəyişkənlik göstərir. Bu əlaqəni anlamaq üçün iqtisadi inkişafın mərhələləri yanaşmasına nəzər salmaq və rəqabət faktorlarını iqtisadi inkişaf mərhələləri ilə birlikdə dəyərləndirmək lazımdır.

İQTİSADİ İNKİŞAFIN MƏRHƏLƏLƏRİ

DİF`in rəqabətlilik ilə bağlı təsnifatında ölkələr iqtisadiyyatlarının inkişafının mərhələlərini xarakterizə edən 5 qrupdan birinə daxil edilir;

  1. Faktor əsaslı mərhələ
  2. Keçid mərhələsi I
  3. Səmərəlilik əsaslı mərhələ
  4. Keçid mərhələsi II
  5. İnnovasiya əsaslı mərhələ

İqtisadi inkişafın mərhələləri nəzəriyyəsinə görə ilkin mərhələdə milli iqtisadiyyat “faktor əsaslı” olur və ölkələr öz zənginlikləri ilə, yəni ixtisassız əmək və təbii resurslar ilə rəqabətə daxil olub üstünlük əldə etməyə çalışırlar. Şirkətlər qiymət və sadə məhsul satışı əsasında, aşağı məhsuldarlıq və onun yansıması olan aşağı əməkhaqqı şəraitində rəqabət aparırlar. Bu mərhələdə rəqabətliliyi saxlamaq işlək dövlət və özəl institutlar (təsisatlar), gəlişmiş infrastruktur, stabil makroiqtisadi mühit, eləcə də ilk təhsil almış sağlam əmək resurslarına söykənir. Rəqabətlilik artdıqca məhsuldarlıq və inkişafla birlikdə əmək haqları da artır. Beləliklə, ölkələr tədricən “səmərəlilik əsaslı” iqtisadi inkişaf mərhələsinə daxil olurlar. Bu mərhələdə daha effektiv istehsal proseslərinin inkişaf etdirilməsi və məhsulların keyfiyyətinin artırılması zərurətə çevrilir. Çünki, əmək haqlarının zaman içərisində artması fonunda qiymətlərin stabil artırılması (faktor əsaslı mərhələdə olduğu kimi) imkansız olur. Bu nöqtədən etibarən rəqabətlilik əsasən səmərəli ali təhsil və təlim, səmərəli əmtəə bazarı, funksional əmək bazarı, gəlişmiş maliyə bazarı, mövcud texnologiyaların prosesə qoşulma bacarığı və bazarın böyüklüyü ilə şərtlənir. Ən nəhayət, innovasiya əsaslı mərhələyə keçdikcə xeyli yüksəlmiş olan əmək haqları və həyat səviyyəsini saxlaya bilmək üçün ölkələr yeni və unikal məhsullarla rəqabət aparmaq durumunda qalırlar. Bu mərhələdə, şirkətlər yeni və fərqli məhsulların istehsalı və buna imkan verən optimal istehsal prosesləri və yeni innovasiyalar ilə rəqabət aparırlar. Aradakı keçid mərhələlərində isə öncəki və sonrakı mərhələlərə xas rəqabətlilik faktorlarından hansılarına daha çox önəm verilməsi gedişatı müəyyən edir.

AZƏRBAYCANIN İQTİSADİ RƏQABƏTLİLİYİ

Mütləq dəqiqliyin və mükəmməlliyin xüsusilə iqtisadi xarakterli hesablamada təbiətən qeyri mümkün olduğunu unutmadan DİF`in rəqabətlilik indeksini hər hansı bir ölkənin iqtisadiyyatının dəyərləndirilməsində etibarlı mənbə hesab etmək olar. Bunu nəzərə alaraq təhlilimizi DİF`in yanaşması əsasında aparmağı tərcih etdik. Azərbaycan iqtisadiyatı 2017. ilə qədərki dövrdə I keçid mərhələsinə aid edildiyindən faktor əsaslı mərhələ üçün daha həlledici olan istiqamətlərdə işlərin düzgün aparılmasının əsas prioritet təşkil etməsi iqtisadi inkişafın tələbi kimi çıxış edirdi. Xüsusilə, son 12-14 ildə görülən işləri mütəxəssis gözü ilə dəyərləndirdikdə dövləti idarə edən ağılın bu gerçəklərin fərqində olduğunu və prosesləri düzgün məntiqə uyğun yönətdiyini görərik. Məhz işlərin düzgün aparılması və böyük nailiyyətlərin əldə edilməsi ölkəmizin rəqabətlilik sıralamasında 38-ci olmasına imkan vermişdir. Bu nailiyyət eyni zamanda qarşıya daha çətin hədəflərin qoyulmasını zəruri edir. Əldə olunan mövqeyi saxlamaq və daha da yüksəltmək üçün tədricən səmərəlilik əsaslı mərhələ üçün prioritet istiqamətlərə daha çox önəm vermək, müvafiq istiqamətlər üzrə işləri düzgün qurmaq lazımdır.

Müstəqilliyinin 25-ci ilindən etibarən Azərbaycan iqtisadiyyatı üçün əsas çağırış iqtisadi inkişafın səmərəlilik fokuslu mərhələsinə adlamaq və bu mərhələnin şərtlərinə uyğunlaşmaqdır. İlk 25 ildə ölkə iqtisadiyyatının inkişafı üçün əsas prioritet sahələr institutlar, infrastruktur, sağlıq və ilk təhsil və makroiqtisadi mühit idi. Həqiqətən də işlərin əsasən “baza ehtiyaclar”a aid edilən sütunlara müvafiq prioritetləşdirilib icra edildiyini görərik. Tutaq ki, innovasiyalardansa daha çox infrastruktura fikir verilib, səmərəlilikdənsə daha çox sabitliyə diqqət yetirilib. Çünki, iqtisadiyyatın formalaşması mərhələsində belə edilməli idi. İqtisadi inkişafın səmərəlilik əsaslı mərhələsində isə strategiyaların “səmərəlilik artırıcıları” qrupunu meydana gətirən sütunlar üzrə düzgün formulaşdıraraq işlərin müvafiq istiqamətlər üzrə düzgün görülməsi əsas prioritet təşkil edir;

  • ali təhsil və təlim
  • əmtəə bazarının səmərəliliyi
  • əmək bazarının səmərəliliyi
  • maliyyə bazarının gəlişdirilməsi
  • texnoloji yetərlilik
  • bazar böyüklüyü

İqtisadi rəqabətliliyə görə Azərbaycan dünyada 38-ci yerdədir, hansı ki, eyni sıralama üzrə 2015-ci ildə 40-cı sırada qərarlaşmışdı. Ən rəqabətcil 38 iqtisadiyyat arasında olmaq böyük uğur olmaqla bərabər daha çətin hədəfləri də qarşıya qoyur. Çünki, əldə edilən mövqeyi qorumaq və daha yuxarı səviyələri görmək üçün artıq iqtisadi rəqabətin daha yüksək və təbii ki, daha çətin olanına (səmərəlilik əsaslı iqtisadiyat) uyğun davranılması zərurətə çevrilmişdir. Bu mərhələdə mikroiqtisadi səviyyədə səmərəlilik əsas prioritet və rəqabət üstünlüyünün əsas determinantı kimi çıxış edir.

MİKROİQTİSADİ RƏQABƏTLİLİK VƏ SƏMƏRƏLİLİK

2016-cı ildən etibarən görülən işlərə nəzər salsaq, gedişatın olması gərəkdiyi kimi davam etdiyi görülər. Sosial Müdafiə Nazirliyi ilə Fondunun birləşdirilməsi, Pedaqoji Universitet ilə Müəllimlər Universitetinin birləşdirilməsi, bir sıra bankların Azərbaycanın maliyyə sektorunda fəaliyyət göstərmək üçün lazım olan standartlara cavab vermədiyindən saf çürük olması / edilməsi, xam neft satışından tədricən neft məhsulları satışına keçişi təmin edəcək yatırımlar və bənzər inkişafları buna misal göstərmək olar.

Önümüzdəki uzun dönəmdə ölkə iqtisadiyyatı və onun inkişafı üçün ən vacib kateqoriya səmərəlilik olacaqdır. Məsələ sadə, ancaq heç də asan deyil; səmərəli fəaliyyət göstərən təsisatlar lazımdır. Mövcud olanların səmərəli işləyə bilənləri fəaliyyətlərini davam etdirəcək və bunlara yeniləri əlavə olunacaqdır. Bu iş elə də asan deyil. Çünki, sadəcə makroiqtisadi səviyyədə işlərin düzgün qurulması yetərli olmaz. Başarı üçün daha çoxu tələb olunur. Artıq bu mərhələ mikroiqtisadi rəqabətliliyin ön plana çıxdığı bir mərhələdir. Yəni səmərəlilik əsaslı mərhələdə uğurlu olmaq mikroiqtisadi səviyyədə rəqabətliliklə daha çox bağlıdır, nəinki faktor əsaslı mərhələdə uğurlu olmaq. Dedik ki, makroiqtisadi səviyyədə uğurlu olmaq ayrılıqda yetərli deyil; dayanıqlı iqtisadi inkişafın əsasını təşkil edən “iqtisadi rəqabətlilik” baxımından mikroiqtisadi amillər xüsusi əhəmiyyət daşıyır. Çünki, real iqtisadi dəyər məhz mikroiqtisadi vahidlərdə yaranır. Deməli mikroiqtisadi səviyyədə səmərəlilik göstəricisi yüksək olmalıdır. Səmərəlilik dedikdə isə, vaxt vahidi ərzində yaradılan dəyərin (kəmiyyət və keyfiyyət olaraq) həmin dəyəri ərsəyə gətirən resurslara nisbəti başa düşülməlidir.

Bazar iqtisadiyyatında dəyər, əsasən də iqtisadi dəyər, daha çox mikroiqtisadi vahidlər tərəfindən yaradılmaqdadır. Bu baxımdan Azərbaycan iqtisadiyyatının səmərəliliyinin təmin edilməsi mikroiqtisadi vahidlərin səmərəli və dayanıqlı fəaliyyət və inkişafından asılıdır. Səmərəlilik məhsuldarlıqla birbaşa bağlıdır. Məhsuldarlıq istehsal olunan əmtəə və xidmətlərin istifadədə olan resurs vahidinə (insan, kapital və təbii resurs) düşən dəyəri ilə ölçülür. İqtisadi inkişafı əmələ gətirən amil kimi əsasən kapital cəmləşməsi hesab olunsa da, son onilliklərdə əsasən informasiyanın roluna fokuslanılmışdır. Məhsuldar qüvvələrin (əmək quvvələri vəya insan gücünün) ortalama bacarığı məhsuldarlığa birbaşa təsir göstərir. Məhsuldar qüvvələrin ortalama bacarığı içərisində isə xüsusi önəm daşıyan sahibkarlıq qabiliyyəti və biznesin yönətilməsində liderlik qabiliyyətləridir.